“Xaliq Faiqoğlu” şirkətinin avtobusları mütəmadi dezinfeksiya edilir - Fotolar + Video

24.08.2020

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların dezinfeksiyasını davam etdirir.

Bu ilin əvvəllərindən dünyada yayılmış kəskin respirator virusla (COVID-19) əlaqədar qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb və həftəsonu - ictimai nəqliyyatın işləmədiyi günlərdə bütün avtobuslar ixtisaslaşmış və müvafiq lisenziyalı şirkət olan “GM Prophylactic Disinfection” tərəfindən dezinfeksiya olunur. Dezinfeksiya prosesində sərnişinlərin təmas etdiyi bütün hissələr, eləcə də tutacaq, oturacaq, qapı və sürücü kabinaları xüsusi maddə və məhlullar vasitəsilə təmizlənir. Beləliklə, hər həftənin şənbə-bazar günləri ərzində şirkət tərəfindən ümumilikdə 250 avtobusun dezinfeksiyası qaraj şəraitində təmin edilir.

Qeyd edək ki, pandemiyanın başladığı ilk günlərdən şirkət tərəfindən mobil qruplar da yaradılıb. Qrup üzvləri kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında sonuncu dayanacaqlarda avtobusların əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə silirlər.

Bütün proses “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” qanunvericiliyə, “İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasina dair metodiki göstərişə” uyğun olaraq təşkil edilir.