Avtobusda davranış qaydaları
- Hər bir sərnişin avtobusa ön qapıdan daxil olmalı, elektron cihaz vasitəsilə ödəniş edərək nəqliyyat vasitəsinin arxa hissəsinə doğru çəkilməlidir. Nəzərə almalıyıq ki, avtobusa bizdən sonra digər sərnişinlər daxil olur və onlara mane olmamaq, yol vermək məqsədilə avtobusun boş olan hissəsinə çəkilmək lazımdır.
- Sərnişin avtobusa uşaqla minərkən təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli, mənzil başına çatdıqda isə uşaqlardan öncə enməlidir. Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinə qaça bilərlər.
- Sərnişinlər sükan arxasında olan sürücünün diqqətini yayındırmamalı, ona xüsusi zərurət olmadan suallar verməməli, sürücünün dayanacaqdan kənarda saxlamasını, həmçinin qapıları açmasını tələb etməməlidir.
- Hər bir sərnişin ictimai nəqliyyat vasitəsində etik qaydalar çərçivəsində və ictimai məsuliyyətini dərk edərək davranmalı, nəqliyyat vasitəsinin hissələrinə ziyan vurmamalı və onların qorunmasında təəssübkeşlik göstərməlidir. Nəzər alaq ki, ictimai nəqliyyat hər birimizin mülkiyyətidir və onu qorumaq hər birimizin borcudur. Avtobusa hər hansı formada zərər vuran şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilir.
- Avtobusa daxil olan sərnişinlər boş oturacaqlarda oturmalı və ya ayaq üstdə gedirlərsə tutacaqlardan tutmalıdırlar. Nəqliyyat vasitəsində olarkən uşaqların oturmasına şərait yaratmaq, əgər oturmaq üçün yer yoxdursa uşaqların tutacaqlardan tutmasına nəzarət etmək vacibdir.