“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: “BNA-nın ictimai nəqliyyatdakı xidmətləri danılmazdır”

13.07.2020

Artıq dünyanı bürüyən COVİD-19 pandemiyasının 5-ci ayını yaşayırıq. Şübhəsiz ki, pandemiya ökəmizdə də həyatın axarına ciddi təsir göstərməkdədir və yaranmış vəziyyətdən ən çox təsirlənən sahələrdən biri də nəqliyyat sektoru, xüsusilə ictimai nəqliyyatdır.

Son günlər ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı tez-tez müzakirələrin açılmasını, müxtəlif məzmunlu fikirlərin bildirilməsini nəzərə alaraq uzun illərdir Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovun mövzu ilə bağlı fikirlərini öyrəndik.


 -              Faiq müəllim, rəhbəri olduğunuz şirkətin pandemiya dövründə fəaliyyəti necə tənzimlənir?

-              Şirkətimiz Bakı şəhərində 14 marşrut xətti üzrə 250-yə yaxın avtobusu ilə hər gün 300 minə qədər sərnişinə xidmət göstərir və fəaliyyətini müasir tələblərə uyğun təşkil edir. Bu ilin mart ayından etibarən vüsət alan koronavirus pandemiyası bir çox həyati əhəmiyyətli sahələr kimi bizim qarşımızda da kifayət qədər ağır və məsuliyyətli vəzifələr qoydu. Elə həmin vaxtdan Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq struktur bölmələrinin nəzarəti altında ictimai nəqliyyatın tənzimənməsi istiqamətində fasiləsiz fəaliyyət göstəririk. Bakı Nəqliyyat Agentliyi tərəfindən pandemiya dövründə ictimai nəqliyyatın işinin mövcud çağırışlara uyğun qurulması, tibb işçilərinin təhlükəsiz daşınması, ekspress xətlərin nəqliyyat vasitələri ilə təmin edilməsi istiqamətində verilən tapşırıqlar yüksək səviyyədə icra edilir.

-              Əvvəlki dövrlərlə müqayisədə indiki şəraitdə işləməyin hansı fərqləri var?

-              Əvvəla qeyd edim ki, ictimai nəqliyyat dövlətimiz tərəfindən pandemiyadan zərər çəkən sahələrin siyahısına salınmışdır. Bunun bariz nümunəsi kimi pandemiya dövründə gün ərzində daşınan sərnişin sayının kəskin azalmasını göstərə bilərəm. Məsələn, statistik olaraq bu azama 70 faiz civarındadır. Bununla belə “Xaliq Faiqoğlu” şirkəti tənzimləyici orqan olan Bakı Nəqliyyat Agentliyinin təlimatları və müəyyənləşdirdiyi qaydalar çərçivəsində fəaliyyətini daha da gücləndirib. Onu qeyd etmək kifayət edər ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı Metropoliteninin fəaliyyətinin dayandırıldığı dövrlərdə təşkil edilən tədbirlərə, eləcə də ekspress xəttlərə, hər gün tibbi heyətlərin daşınmasına və ehtiyat nəqliyyat vasitələrinin formalaşdırılmasına tərəfimizdən 4 ay ərzində 1837 avtobus ayırılmışdır və şirkət tərəfindən bu dəstək hal-hazırda da davam etdirilir.


 -              Bu gün cəmiyyətimizdə bəzi şəxslər tərəfindən ictimai nəqliyyatın fəaliyyətinin təşkili və bu sahədəki qurumlar haqqında müəyyən fikirlər səsləndirilməkdədir. Uzun illərdir ictimai nəqliyyat sahəsində olan bir iş adamı kimi buna münasibətiniz necədir?

-              Pandemiya dövründə alışmadığımız iş normaları, yaranmış qeyri-adekvat vəziyyətin idarə edilməsi əlbəttə ki, asan deyil. Bu baxımdan tənzimləyici orqan olan Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatın idarə edilməsi, metronun işləmədiyi dövrlərdə sərnişinlərin fasiləsiz, təhlükəsiz və rahat hərəkətinin təşkil etməsi baxımından xidmətləri danılmazdır. Biz də istər Nazirlər Kabineti yanında Operativ Qərargah, istərsə də, qərargahda təmsil olunan Bakı Nəqliyyat Agentliyinin müəyyənləşdirdiyi müvafiq norma və qaydalar çərçivəsində işimizi qururuq. Bildirmək istəyirəm ki, xüsusi karantin rejimi dövründə tərəfimizdən marşrut xətləri üzrə avtobusların sayı azaldılmamışdır və bu işdə biznes marağı bir kənara qoyularaq sırf ictimai və dövlət maraqları əsas götürülmüşdür. Eyni zamanda şirkətimiz sərnişinlərin maarifləndirilməsi, onların fərdi gigiyenik vasitələrdən istifadə etməyə sövq edilməsi ilə bağlı təşəbbüslərə də ilk olaraq qoşulmuşdur. Bəzi hallarda aparılan sistemli fəaliyyəti, gecə-gündüz sərf edilən əməyi görmək istməyən müəyyən şəxslər ictimai nəqliyyat sahəsini, xüsusilə Bakı Nəqliyyat Agentliyini qərəzli şəkildə hədəf alırlar və bu da təbii olaraq təəssüf doğurur.


-              Faiq müəllim, şirkətinizin gələcək planları, ictimai nəqliyyatda gözlənilən yeniliklərlə bağlı nə deyə bilərsiniz?


-              Hər bir vətəndaş, hər bir iş adamı kimi məni də hazırda düşündürən əsas məsələ Xalqımızın və Dövlətimizin hazırki pandemiya dövründən minimum itki ilə çıxması, virusun daha da yayılmasının qarşısının alınması ilə bağlıdır. Hazırda bütün fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq və qüvvələrimizi səfərbər etmişik. İnanırıq və əminik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi, vətəndaşlarımızın sağlamlığının qorunmasına, ökəmizin milli maraqlarının müdafiəsinə hesablanmış məqsədyönü siyasət nəticəsində bu dövrü də geridə qoyacağıq.

Ümumilikdə isə “Xaliq Faiqoğlu” şirkətinin 2 əsas iş prinsipi var. Birincisi sərnişinlərin təhlükəsiz və rahat daşınması, ikincisi isə fəaliyyətimizin müasir standartlara uyğunlaşdırılmasıdır. Son 5 ildə şirkət olaraq fəaliyyətimizin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir çox yeni layihələr icra etmişik və qarşıdakı dövrlərdə də dövlətimizin dəstəyi ilə bu işləri davam etdirməyi planlaşdırırıq. Bir daha qeyd etmək istəyirəm  ki, ölkəmizdəki vətəndaş həmrəyliyi, Xalq-Dövlət birliyi sayəsində mövcud fors-major vəziyyət tezlikə başa çatacağına inanıram. Bu işdə “Xaliq Faiqoğlu”şirkəti olaraq bacardığımız dəstəyi bundan sonra da vermək əzmindəyik.