Faiq Seyidov: Dövlətimizin başçısının sahibkarlara göstərdiyi qayğı bizim üçün qürur mənbəyidir

30.10.2019

Dövlətimizin başçısının sahibkarlara göstərdiyi qayğı bizim üçün qürur mənbəyidir. Bu sözləri Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov AZƏRTAC-a müsahibəsində deyib. AZƏRTAC müsahibəni təqdim edir.

- Faiq müəllim, son illərdə sahibkarlığın inkişafı ilə bağlı dövlət tərəfindən böyük layihələr həyata keçirilir. Xüsusilə Prezident İlham Əliyev çıxışlarında hər zaman sahibkarlığın dövlət üçün əhəmiyyətini xüsusi olaraq vurğulayır, daim sahibkarların yanında olduğunu ifadə edir. Son illər uğurla həyata keçirilən, xüsusilə 2016-cı ildən yeni inkişaf mərhələsinə keçən iqtisadi islahatlar rəhbərlik etdiyiniz “Xaliq Faiqoğlu” şirkətinin inkişafında hansı müsbət dəyişikliklərə səbəb olub?

- Dövlət müstəqilliyinin yenidən bərpasından ötən 28 illik dövr müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən etibarən qeyri-neft sektorunun və sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub, bu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdə sahibkarlıq mühiti yaxşılaşıb, infrastruktur müasirləşib, sahibkarlığın inkişafı üçün dövlət təminatı artırılıb və ən əsası dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Dövlətimizin başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına uyğun olaraq, qəbul edilmiş qanun və fərmanlar, xüsusi ilə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin güclənməsi ilə yanaşı birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək olub.

Həyata keçirilən islahatlar nəqliyyat sektorunun, xüsusilə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərib. İctimai nəqliyyatda yeni inkişaf mərhələsinin başlanğıcı olaraq Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə daha çevik və optimal idarəetmə formasının tətbiqini vurğulamaq yerinə düşər. Sahibkarlığın inkişafının dövlətimizin iqtisadi siyasətinin prioriteti kimi müəyyən edilməsi 2003-cü ildə qurulan və hazırda mülkiyyətində 300-dək nəqliyyat vasitəsi olan “Xaliq Faiqoğlu” şirkətinin müasirləşməsi və inkişafında əhəmiyyətli rol oynayıb.

- Rəhbəri olduğunuz şirkətin fəaliyyətinin müasirləşməsi istiqamətində tərəfinizdən hansı addımlar atılıb?

- İlk öncə onu qeyd edim ki, 2015-ci ildən Bakı Nəqliyyat Agentliyinin yaradılması paytaxtda nəqliyyat məsələlərinin həllində, ictimai nəqliyyatın inkişafında vacib addım olub. Fəaliyyət göstərdiyi 4 il ərzində Bakı Nəqliyyat Agentliyi paytaxtda illərlə yığılıb qalan bir çox taleyüklü məsələlərin həlli istiqamətində vacib addımlar atıb və hazırda da bu istiqamətdə yeni layihələrin icrası davam etdirilir.

Bakı şəhərində müntəzəm sərnişindaşıma işinin təşkilində və həyata keçirilməsində fəal iştirak edən və nümunəvi fəaliyyəti ilə seçilən “Xaliq Faiqoğlu” şirkəti 2015-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2015-ci ildən etibarən “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının ən müasir tələblərə cavab verən, “Avro-5” və “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələri ilə yenilənməsinə baylayıb. Ötən dövr ərzində şirkətimiz ümumilikdə 117 ədəd müasir tələblərə cavab verən “Isuzu” və “BMC” markalı avtobusun alınması layihələrini uğurla başa çatdırıb. Şirkət avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 4 il ərzində 37 milyon manatdan çox investisiya yatırıb. Belə ki, şirkət “Paşa Bank”, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Eximbank Türkiye” kimi nüfuzlu bank və maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Ötən dövrdə xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edilib ki, bu da şirkət tərəfindən ölkəyə xarici investisiyanın yatırılması baxımından ölkə iqtisadiyyatına əlavə töhfə olub.

2016-cı ilin sentyabrın 1-dən isə şirkətin istismarında olan 200-dək avtobusda elektron (“BakıKart”) ödəniş sisteminin tətbiq edilməsinə başlanılıb və yaxın vaxtlarda 100-dək digər avtobusda da elektron ödəniş qurğularının quraşdırılması planlaşdırılır. Onu da bildirmək istəyirəm ki, “Xaliq Faiqoğlu” şirkəti iri vergiödəyicisi kimi vergi ödəyiciləri arasında öz yerini tutub.

- Məlumdur ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarında 2022-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində sərnişindaşımada yalnız qaz və elektrik mühərrikli avtobusların istismar ediləcəyi qeyd olunub. Sizin istismarınızda olan avtobusların böyük əksəriyyəti isə dizel mühərriklidir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəlcədən diqqətinizə çatdırmaq istəyirəm ki, Avropanın ən müasir paytaxt şəhərlərində belə istismar edilən avtobusların ekoloji standartlara uyğunluğu onun mühərriki ilə ölçülmür. Məsələn, bizim son illərdə istismara qəbul etdiyimiz “Isuzu Citiport” markalı avtobuslardan İtaliyanın paytaxtı Romada da geniş istifadə edilir. Avropada hazırda “Avro-6” standartlarını qəbul edib və bu standartlara uyğun nəqliyyat vasitələri istismar olunur. Ölkəmizə gəldikdə isə, bildiyiniz kimi, 2014-cü ilədək özəl şirkətlər tərəfindən gətirilən avtobuslar “Avro-2” standartlarında olub. Həmin avtobuslar hazırda Bakıda sərnişindaşımada istismar olunan nəqliyyat vasitələrinin təxminən 70 faizini təşkil edir. Lakin 2014-cü il aprelin 1-dən Azərbaycanda “Avro-4” standartlarının tətbiqinə başlanılıb. “Xaliq Faiqoğlu” şirkəti olaraq həmin tarixdən etibarən ölkəmizə idxal etdiyimiz avtobuslar “Avro-5” emissiyalı avtobuslardır. Bu nəqliyyat vasitələri Nazirlər Kabinetinin sözügedən qərarı ilə müəyyən edilmiş tələblərə uyğun olmaqla alçaq döşəməlidir, ekoloji cəhətdən bir çox üstünlüklərə, o cümlədən “CO2” emissiyaları baxımından ən səmərəli göstəricilərə malikdir. İstehsalçı şirkət tərəfindən təqdim edilən rəsmi məlumatlar da avtobusun ekoloji göstəriciləri ilə bağlı dediklərimizi təsdiq edir.

- Sərnişindaşıma sahəsində sürücülərin peşəkarlıq səviyyəsi hər zaman müzakirə və narazılıq mövzusu olub. Şirkətiniz sürücü bazasını necə formalaşdırır?

- Şirkətimiz son illərdə nümunəvi sürücü bazasının yaradılması istiqamətində xeyli işlər görüb, 500 nəfərdən çox təcrübəli sürücü heyəti formalaşdırılıb. Hər bir sürücünün Bakı Nəqliyyat Agentliyinin Sürücü-Təlim Mərkəzində ixtisasartırma kursundan keçməsi ilə yanaşı, şirkətdə onların peşəkar inkişafı ilə bağlı mütəmadi layihələr icra olunur. Şirkət tərəfindən sürücülərin fərdi inkişafı, həmçinin onların sosial rifahının yüksəldilməsi ilə bağlı ardıcıl addımlar atılıb. Son olaraq şirkətin strukturunda yeni sürücü-təlim bölməsi yaradılıb. Bizim üçün sərnişinlərin təhlükəsizliyi hər şeydən vacibdir. Gün ərzində orta hesabla 100 mindən çox sərnişinə xidmət göstərdiyimizi nəzərə alsaq, işçi heyətimizin peşəkarlığının əhəmiyyətini görmüş olarıq. Həmçinin mütəmadi olaraq sərnişinlər arasında sosial sorğular təşkil edirik ki, mövcud çatışmazlıqları daha real dəyərləndirə bilək, insanların sərnişindaşıma sahəsi ilə bağlı görmək istədikləri yenilikləri, təklifləri onların özündən eşidək. Ümumilikdə isə “Xaliq Faiqoğlu” şirkəti 700 nəfərədək işçi heyəti ilə bu sahədəki ən böyük özəl daşıyıcı adını layiqincə doğrultmağa çalışır.

“Xaliq Faiqoğlu” şirkəti fəaliyyətini tək nümunəvi sürücü və müasir avtobusların istismarı kontekstində qurmur. Belə ki, keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsində müasir istehsalat bazasının yaradılması da vacib şərtlərdəndir. Bu məqsədlə şirkət 2016-cı ilin iyulunda Yasamal rayonu ərazisində müasir standartlara cavab verən Təmir Mərkəzi quraraq istifadəyə verib. Növbəli iş rejimində çalışan mərkəzdə 100 nəfərədək (texniki, inzibati, tibbi heyət) şəxs işlə təmin edilib və onların peşə hazırlıqlarının artırılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə bir çox mütəxəssislər xarici dövlətlərdə ixtisasartırma kurslarına göndərilib. Həmçinin Türkiyədən dəvət edilən ixtisaslı mütəxəssislər istehsalat bazasında işlə təmin olunub ki, onların da təcrübəsindən yeni gənc kadrların yetişdirilməsində geniş istifadə edilir. Sürücülərin gündəlik reysqabağı tibbi müayinəsi, nəqliyyat vasitələrinə gündəlik və cari texniki baxışı yüksək səviyyədə təşkil edilməklə icra olunur. İşçilərin və nəqliyyat vasitələrinin sığortalanması daim diqqətdə saxlanılır.

- Dövlətimizin başçısının elan etdiyi iqtisadi inkişaf proqramının ana xəttini sahibkarlığın və qeyri-neft sektorunun inkişafı təşkil edir. Nəqliyyat sahəsində fəaliyyət göstərən iri özəl şirkət olaraq gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Son illərdə Azərbaycanda qeydə alınan iqtisadi göstəricilər Prezident İlham Əliyevin təyin etdiyi iqtisadi siyasət xəttinin məntiqi nəticəsi kimi qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artdığını və bu faizin ilbəil yüksəldiyini göstərir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ümumi daxili məhsulun həcmində özəl sektorun payının artması ölkə iqtisadiyyatındakı şaxələnməni və bu tendensiyanın dərinləşməsini təmin edir. “Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl şirkət olaraq daim dövlətimizin və Prezident İlham Əliyevin özəl sektora verdiyi əhəmiyyəti, diqqəti hiss edib. Şirkət bundan sonrakı dövrdə də dövlət rəhbərliyimizin etimadını doğrultmaq, fəaliyyət göstərdiyi sahədə qabaqcıllığını qorumaq və yeni-yeni uğurlar əldə etmək üçün var gücü ilə çalışacaq, yeni layihələr həyata keçirəcək. Dövlətimizin başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı bizim üçün qürur mənbəyidir. Bizim təminatımız dövlətimiz və onun sahibkarlara verdiyi dəstəkdir.