​"Xaliq Faiqoğlu" şirkətinin yeni təmir mərkəzi istifadəyə verilib

30.06.2016


Burada avtobusların daxili və xaricinin təmizlənməsi, o cümlədən, avtobus salonlarının dezinfeksiyası həyata keçiriləcək. Mərkəzdə çalışan geniş iş təcrübəsinə malik olan mütəxəssislər dəfələrlə xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak ediblər.

Bundan başqa, təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmazdan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçer, ehtiyat hissələrinin saxlanıldığı anbar və ofis otaqları mövcuddur. Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini qeyd edən şirkətin rəhbəri Faiq Seyidov təmir mərkəzində 50-yə yaxın yeni iş yerinin yaradıldığını bildirib.

"Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edən "Xaliq Faiqoğlu" şirkəti tərəfindən Bakıya yeni, iritutumlu 12 metrlik avtobusların gətirilməsi nəzərdə tutulub. Bundan başqa, iyul ayının sonunadək şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində vahid kart sistemi tətbiq olunacaq", - deyə F.Seyidov əlavə edib.

Şirkət bildirir ki, xidmət keyfiyyətinin artırılması məqsədilə qarşıda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə "Xaliq Faiqoğlu" Almaniyanın "Hed Akademi" şirkəti ilə əməkdaşlığa başlayıb.

"Xaliq Faiqoğlu" MMC marşrut xətlərində daha bir yenilik həyata keçirəcək. Belə ki, tezliklə şirkət öz marşrut xətlərində vahid kart sistemini tətbiq edəcək.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov bildirib ki, "Bakı Kart"ın şirkətə məxsus nəqliyyat vasitələrində istifadəsinin reallaşması üçün ilkin olaraq 421 min dollar həcmində vəsait ödənilib: "Bu sistemin tətbiqi üçün imzalanan müqavilənin ümumi dəyəri isə 1,2 mln. dollar təşkil edir".

Qeyd edək ki, "Xaliq Faiqoğlu" MMC 2002-ci ildən Bakıda sərnişindaşıma sahəsində xidmət göstərir.